Bankdan kredit götürmək istəyənlərə SEVİNDİRİCİ XƏBƏR - Faizlər AZALACAQ

banklarda-emaneti-olanlar-ucun-muhum-xeber-faiz-dereceleri-artirilir-1701237799
|
|

2023-cü ilin noyabr ayının 1-nə Azərbaycanda manatla yeni cəlb edilmiş müddətli əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 7.31%, xarici valyuta ilə isə 1.67% təşkil edib.    Banklara yeni qoyulmuş müddətli vəsaitlər isə ortalama 7,31 faizlə qəbul edilib. Bununla belə, maliyyə qurumları bu dövrdə kreditləri orta hesabla 15,79 faizlə veriblər.


Ötən ilin müvafiq dövrü ilə müqayisədə manatla müddətli əmanət və depozitlərin orta faiz dərəcəsi 1.3 faiz bəndi, xarici valyuta ilə isə 0.33 faiz bəndi azalıb. Belə ki, 2022-ci ilin noyabr ayının 1 -nə manatla yeni cəlb edilmiş müddətli əmanət və depozitlərin orta faiz dərəcəsi 8.61%, xarici valyuta isə 2% təşkil edirdi.


Bəs görəsən əmanət və kredit faizləri arasında bu qədər fərqin olmasına səbəb nədir?


Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a bildirib ki, müddətli depozitlər üzrə faiz dərəcəsinin aşağı düşməsi sistem əhəmiyyətli banklarda depozit faizlərinin aşağı salınması ilə bağlıdır:


“Nəzərə alsaq ki, biz sistem əhəmiyyətli banklarda depozit faizlərinin aşağı düşməsini müşahidə edirik. Bu, təbii ki, depozit yerləşdirən vətəndaşların gəlirlərinə təsir edir. Nəticədə depozitlər üzrə divident faiz azalırsa bu həmin vətəndaşlarımızın gəlirlərinin azalmasına gətirib çıxarır. Buna görə də bu xüsusən də müddətli depozitləri olan vətəndaşlarımızın gəlirlərinə təsir göstərir və yeni depozit yerləşdirən vətəndaşlarımızda gəlirlərin azalması müşahidə olunur”.


Deputat qeyd edib ki, depozit faizlərinin azalması həm də kredit faizlərinin aşağı düşməsinə səbəb olmalıdır, amma, təəssüf ki, bu müşahidə olunmur və depozit faizləri ilə kredit faizləri arasında təxminən iki dəfə fərq var. Onun sözlərinə görə, Mərkəzi Bank bu istiqamətdə öz fəaliyyətini gücləndirməlidir ki, depozit faizlərinin aşağı düşməsi fonunda kredit faizlərinin də aşağı düşməsini müşahidə edək.

 

Bu barədə danışan Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli redaksiyamıza bildirib ki, faiz dərəcələrinin azalması kredit faizlərinin aşağı düşməsinə səbəb olmalıdır:


“Azərbaycanda kredit portfelinin 60 faizindən çoxu depozit və müddətli əmanətlər hesabına formalaşır. Amma digər sahələrdə olduğu kimi bank sektorunda da inhisarçılıq var və bu inhisarçılıq ən azı bütün bankları sindikat razılaşma əsasında birləşdirir. Buna görə də həmin bankların xərcləri azalsa da, kredit faiz dərəcələrini aşağı salmaqda maraqlı deyillər. Çünki onların rəqibi yoxdur. Rəqabət mühiti olmadığına görə də xərcləri aşağı düşəndə qiymətləri azaltmırlar”.


Depozit və əmanətlərin faiz dərəclərinin aşağı düşməsinin əsas yükü müddətli əmanətlərin üzərinə düşür və həmin əmanətlər ucuzlaşır. Əslində Bankların xərcləri müddətli əmanətlər hesabına azalır. Amma bu azalma bankların təklif etdiyi əmtəə sayılan kreditin ucuzlaşmasında çox zəif şəkildə hiss olunur.


Məsələ ilə bağlı danışan iqtisadçı Xalid Kərimli Referans.az-a bildirib ki, depozitlərin faiz dərəcəsi azalsa da, kreditlərin orta faiz dərəcəsində əhəmiyyətli azalma müşahidə olunmur:


“Baxmayaraq ki, Mərkəzi Bankın statistikasında da görürük ki, korporativ kreditlər və ipotek kreditləri istehlak kreditləri ilə müqayisədə daha çox artıb. Amma görünən odur ki, banklar depozitləri daha aşağı faizlə cəlb etsələr də, kreditlərin faiz dərəcəsini o qədər də azaltmayıblar. Depozitlərin faiz dərəcəsinin inflyasiyadan aşağı olması və getdikcə də azalması ona gətirib çıxaracaq ki, vətəndaşlar daha çox banka pulun yatırılmasında maraqlı olurlar. Xərcləyirlər və ya daşınmaz əmlaka qoyurlar”.


Ekspert qeyd edib ki, son bir ildə daşınmaz əmlakda sürətli artım baş verir. Onun sözlərinə görə, insanların əllərindəki pulu inflyasiyadan aşağı gəlirdə banka qoymaması inflyasiyanı sürətləndirir: “Bunun ən böyük təhlükələri bunlardır. Son aylardakı müşahidələr onu göstərir ki, Mərkəzi Bankın antiinflyasiya tədbirləri son aylar güclənib. Banklar uçot faizlərini necə aşağı salmışdılar, çünki əllərində çoxlu likvid pullar var idi. Pul olduğu üçün də əhalidən yuxarı faizlə pul götürməyə ehtiyacları yox idi. Buna görə də aşağı salırdılar”.


İndi isə müşahidə olunur ki, bankların əlində likvid pullar azalıb. Mərkəzi Bank onların ehtiyat normalarını artırıb. Nəticə etibarilə, depozitlərin faiz dərəcəsi bundan sonra yavaş-yavaş artacaq, çünki bankların pulu yoxdur və onlar da məcburdur ki, əhalidən pul cəlb etsinlər – deyə Xalid Kərimli əlavə edib.

 

Aqil Qarayev